КулЛиб - Классная библиотека! Скачать книги бесплатно
Всего книг - 712687 томов
Объем библиотеки - 1401 Гб.
Всего авторов - 274526
Пользователей - 125070

Новое на форуме

Новое в блогах

Впечатления

Влад и мир про Шенгальц: Черные ножи (Альтернативная история)

Читать не интересно. Стиль написания - тягомотина и небывальщина. Как вы представляете 16 летнего пацана за 180, худого, болезненного, с больным сердцем, недоедающего, работающего по 12 часов в цеху по сборке танков, при этом имеющий силы вставать пораньше и заниматься спортом и тренировкой. Тут и здоровый человек сдохнет. Как всегда автор пишет о чём не имеет представление. Я лично общался с рабочим на заводе Свердлова, производившего

  подробнее ...

Рейтинг: 0 ( 0 за, 0 против).
Влад и мир про Владимиров: Ирландец 2 (Альтернативная история)

Написано хорошо. Но сама тема не моя. Становление мафиози! Не люблю ворьё. Вор на воре сидит и вором погоняет и о ворах книжки сочиняет! Любой вор всегда себя считает жертвой обстоятельств, мол не сам, а жизнь такая! А жизнь кругом такая, потому, что сам ты такой! С арифметикой у автора тоже всё печально, как и у ГГ. Простая задачка. Есть игроки, сдающие определённую сумму для участия в игре и получающие определённое количество фишек. Если в

  подробнее ...

Рейтинг: 0 ( 0 за, 0 против).
DXBCKT про Дамиров: Курсант: Назад в СССР (Детективная фантастика)

Месяца 3-4 назад прочел (а вернее прослушал в аудиоверсии) данную книгу - а руки (прокомментировать ее) все никак не доходили)) Ну а вот на выходных, появилось время - за сим, я наконец-таки сподобился это сделать))

С одной стороны - казалось бы вполне «знакомая и местами изьезженная» тема (чуть не сказал - пластинка)) С другой же, именно нюансы порой позволяют отличить очередной «шаблон», от действительно интересной вещи...

В начале

  подробнее ...

Рейтинг: +1 ( 1 за, 0 против).
DXBCKT про Стариков: Геополитика: Как это делается (Политика и дипломатия)

Вообще-то если честно, то я даже не собирался брать эту книгу... Однако - отсутствие иного выбора и низкая цена (после 3 или 4-го захода в книжный) все таки "сделали свое черное дело" и книга была куплена))

Не собирался же ее брать изначально поскольку (давным давно до этого) после прочтения одной "явно неудавшейся" книги автора, навсегда зарекся это делать... Но потом до меня все-таки дошло что (это все же) не "очередная злободневная" (читай

  подробнее ...

Рейтинг: +1 ( 1 за, 0 против).
DXBCKT про Москаленко: Малой. Книга 3 (Боевая фантастика)

Третья часть делает еще более явный уклон в экзотерику и несмотря на все стсндартные шаблоны Eve-вселенной (базы знаний, нейросети и прочие девайсы) все сводится к очередной "ступени самосознания" и общения "в Астралях")) А уж почти каждодневные "глюки-подключения-беседы" с "проснувшейся планетой" (в виде галлюцинации - в образе симпатичной девчонки) так и вообще...))

В общем герою (лишь формально вникающему в разные железки и нейросети)

  подробнее ...

Рейтинг: +1 ( 1 за, 0 против).

Xoşbəxtliyin son həftəsi [Xaliq əmmədov] (fb2) читать онлайн


 [Настройки текста]  [Cбросить фильтры]
  [Оглавление]

Xaliq Azadi Məmmədov Xoşbəxtliyin son həftəsi


Əgər, Taledən bizə bircə dəfə verilən həyatı lazımınca yaşaya bilmədiksə, ətrafımızda cərayan edən gözəlliklərdən istifadə etməyi bacarmadıqsa, “düzgün yaşadıq!”– deməyin mənası və dəyəri nədir?

1-

ci hissə

Gündəlik fiziki hərəkətin zəruriliyini nəzərə alaraq İdman məqsədi ilə təşkil etdiyim gündəlik gəzintim iki hissədən ibarət idi: sürətlə yerişlə 5-6 km, sonra asta gəzinti.

Bu günkü gəzintimin birinci bir saatlıq mərhələsini başa çatdırmışdım. Aylarla etdiyim adətə görə, skamyaların birində 5 dəqiqə oturmalı, sonra ikinci mərhələyə keçərək, addımlamalıydım. Amma, bu dəfə yavaş addımlarla.

Gündəlik işim belə idi. Həm, səhhətimin, fiziki formanın bərpası məqsədi ilə (Çünki son vaxtlar yenə çəkim artmış, boyuma görə normanı çoxdan arxada qoymuşdu.). Həm də ki, işdə hər gün saatlarla oturmaq vərdişindən çıxmaq arzusundaydım. Mənim oturaq işim, az hərəkətli yaşayış obrazım məni məcbur edirdi gündəlik uzun gəzintiyə, sürətli gəzintiyə.

Alimlərin araşdırmasına görə, sürətli addımla gəzinti ürək-damar sisteminə köməyin vacib anlarından biridir. Bu gəzintidə insanın yeriş sürəti 7 km / saata çata bilər. Addımların sayı dəqiqədə 90 və 120 arasındadır. Bu tempdə hərəkət edərkən nəbz vurması artır, bu da bədəndə qan dövranını gücləndirir və bütün orqanların işini yaxşılaşdırır.

İlk gündə başladım yeyin addımlarla 2 km-lik gəzintidən. Sonra, hər həftə 500 m əlavə edərək, çatdırdım 6 km-ə. Vaxtı və məsafəni dəqiqləşdirmişdim. Bir dəqiqəyə 105-110 addım atırdım. Bir saat tez yeridikdən sonra, 5 dəqiqə otururam, yenidən durub gəzirəm, bu dəvə astadan.

İndi də oturmalıydım. Baxdım ətrafa, park çox böyük olsa da, həmişə çoxluq olduğundan, skamyalar həmişə boş olmurdu. İndi də elə. Aralıda bircə boş skamya gözümə dəydi. Yaxınlaşdım. Üç paralel taxtadan düzəldilmiş oturacağın bircə taxtası qalmışdı. İki taxta yox idi, çıxarılmışdı. Yəqin, dəyişmək məqsədi ilə. Komfort olmasa da, oturmaq olar.

Təzəcə oturmuşdum, böyürdən səs eşitdim:

– Olar, sizinlə yanaşı oturmaq?

Üzü, az qala uşaq üzünü xatırladan bir qadın buludsuz asimanı xatırladan göm-göy gözlərini zilləmişdi mənə. Üzündə maraq qarışıq təbəssüm görünürdü.

– Əlbətdə, buyurun! – dedim, – amma, oturacaq bircə taxtadan ibarətdir. Yəqin, ikimizi saxlamağa gücü çatar.

Qadın əyləşdi.

– Mənim 54 kiloqramıma sizin “neçənizi” əlavə edək? – dedi zarafatla.

– Bir həftə qabaq, az qala 90 idim! – dedim.

– Oho, yaxşıdır. Demək, sizin 60%-nizi təşkil edirəm. Heç də pis deyil. – Zarafatla və sakit gülüşlə dedi, – birgə -144 kilo. Saxlayar, yəqin bir taxta ikimizi.

Oturub rahatlaşdı.

– Bu gün gəzintiyə çıxanlar daha çoxdu. Boş yer yoxdur oturmağa.

– Elədir, -dedim, – ona görə də bu sınıq oturacaqda oturmalı olduq.

Telefonu zəng çaldı. Çıxarıb açdı, bir an baxdı, sanki, cavab vermək, ya verməmək variyantlarını düşünürdü. Telefonsa zəng çalırdı.

– Danışmaq istəyirsinizsə, mən durub aralana bilərəm, -dedim.

– Yox, yox! Siz nə danışırsınız! Gözlədim ki, zəng qurtarsın, söndürüm telefonu tamam, – deyərək, telefonu tam söndürdü.

– Dünən siz yox idiniz! – dedi qadın.

Təəcübümü gizlədə bilmədim. Doğrudan da, dünən başqa şəhərdə işləyən oğullarıma baş çəkməyə getdiyim üçün, parka çıxa bilməmişdim.

– İki dəqiqədir oturduğumuz, iki dəfə məni xoş mənada təəccübləndirdiniz. Birinci o oldu ki, siz saniyə ərzində 90 rəqəminin 60 %-ni tapdınız. Bu hazırcavablıq, yəqin ki, riyaziyyatla münasibətdə olduğunuza işarədir. İkinci təəccübümsə, mənim dünən parkda olmadığımı deməyiniz oldu.

– Yaxşı olardı ki, ilk əvvəl, tanış olardıq. Adətən ilk addımı kişilər atırlar! – gülərək, dedi.

– Doğrudan da! Görünür, sizin burada olmağınızla tam özümü unutmuşam! – mən də zarafat etdim, – bağışlayın məni! – Adımı dedim.

– Roza! – o da öz adını dedi. – Axır ki, tanış olduq! İndi isə sualınıza cavab verim. 6 aydır ki, mən də tez-tez bu parkda gəzirəm. Demək olar ki, eyni bir vaxtda gəlirəm, eyni vaxtda da gedirəm. Bir belə vaxtda çoxlarını dəfələrlə gördüyüm üçün yaddaşımda qalırlar. Siz də o cümlədən. Sizin iki obrazlı gəzintinizin olduğunu bilirəm. Çox vaxt sizin arxanızca addımlayıram. Siz addımlayanda bir saat dayanmırsınız. Bu isə əsas məsələdir. Mən bəzən, addımlayanda, özümü unuduram, fikirlərim gedir uzaqlara. Ayılıram ki, dayanmışam. Amma, elə ki, sizin dalınızca addımlayıram, dayanmıram.

Gözlərim dikilir sizə, eyni sürətlə gedirik. Və siz məni paravoz tək arxanızca aparırsınız! Ona görədir ki, siz gəlmədiyiniz günləri əzbər bilirəm.

– Mən də sizi çox görmüşəm. Amma, nə vaxt gəlməyiniz-gəzməyiniz yaddaşımda qalmayıb. Sadəcə olaraq, parkda gəzənlər çoxdurlar, ona görə.

– Xüsusən də, qadınlar çoxluq təşkil edir, bəlkə də ona görə. – gülərək dedi.

– Bəlkə də, ona görə. Sağlamlıq barədə nələr varsa, qadınlar orada birincidirlər. Kişilər xəstələnib yıxılmayınca yerə, həkimə getmirlər.

– Siz kişilərə kim qadağan edir ağılla-başla yaşamağı? Yeyib-içmək, səs-küy, dava-qırğın, kiməsə nəyisə sübut etmək, “mənəm!”-demək yormur kişiləri.

– Elə bu sadaladıqlarınızdır kişiləri qadınlardan fərqləndirən.

– Ola bilər. Qaldı, o biri sualaınıza, düzgün qeyd etdiniz. Riyaziyyatla müəyyən həddə münasibətim var. -Mənim saata baxdığımı görüb əlavə etdi, – yəqin, vaxtınızdır. Gəzmək vaxtınız. İstəmirəm sizin həyat tərzinizin pozulmağına səbəb olum. Addımlamaq lazımdır.

Ayağa durdum, deyəsən, bir elə də həvəsim yox idi durub getməyə. Azından, yarım saat gəzməliyəm.

– Siz də gəzmək istəyirsinizsə, bəlkə bir yerdə addımlayaq? – Ərklə dedim.

– Nə lazım mane olmaq gəzintinizə? – gülümsünərək, dedi.

– Asta gəzintiyə siz necə mane olarsınız, Roza! Əksinə, sizinlə birgə addımlamaq iki tərəfli olar: lazım olanı və xoşa gələni birləşdirər özündə: birincisi-addımlamaq, ikincisi – sizinlə birgə addımlamaq!

– Yox, gedin gəzinin, bu günə tanış olduğumuz kifayətdir. Söhbətimizə sabah da davam edə bilərik. Elə bu vaxtları burada.

– Onda, hələlik!

– Uğurlu gəzinti!

Mən gəzintilər üçün ayrılmış cığıra düşməyə hazırlaşdım. Roza isə dönüb əks tərəfə getdi. Göz altı baxdım arxasınca, parkın çıxışına çatmışdı. İstifadə etdiyi nərgizli ətri isə hələ qalmışdı burnumda.

2

-ci hissə

Səhərisi gün parka gələndə, öz-özlüyümdə hiss etdim ki, ilk dəfədir ki, bura gəzməyə belə həvəslə gəlirəm. Maşını parkın qabağına qoyub, girdim içəri. İstirahət edənlər, uşaqlarla vaxtı keçirənlər, görüşə çıxanlar – hansı təbəqə desən, burada tapmaq olardı.

Gəzdikcə, gözümü dolandırdım ətrafa, onu görmədim. Bəlkə də, gəlməyəcəkdi bu gün. «Nə olar, müqaviləmiz yoxdur ki! Sabah görərəm Rozanı!» Özüm özümü bir növ, arxayınlaşdırmaq istədim. Yeyin addımlarla böyük dairə ilə getməyimdə idim. Bu dairəni getmək, az qala iki km yol edirdi. Yarım saata qədər keçmişdi ki, tanış səs eşitdim:

– Niyə dayandınız? Dayanmayın, xahiş edirəm! – gülüşlü səs eşitdim.

Roza idi. Dayanmağımsa, şüuraltı olub. Yəqin, ətrafa boylanmaq istəmişəm. Razı halda yerişimə davam etdim. Nəhayət, telefonun taymeri vaxtın başa çatdığını bildirən zəngi çaldı. Dayanıb arxaya çevrildim. Dabanbasaraq gəlirdi. Salamlaşdıq.

– Gedək, görək yer tapa bilirikmi? – dedi Roza.

Yer tapıb oturduq.

– Siz məndən gec gəldiniz bu gün, – dedim.

– Əksinə, siz bu gün tez gəlmisiniz!

Doğrudan da, mən vaxtın əvvəlinə 20 dəqiqə əlavə etmişdim ki, sonra gəzməyim ikinci hissəni. Bunu Rozaya deyəndə, ucadan güldü.

– Vallah, lap körpə uşaq kimi edirsiz! Artıq başlamısınız mənə görə adət etdiyiniz rejimi dəyişməyə!

– Yox, Roza. Düzü, çoxdan istəyirdim keçəm bircə rejimə.

– Yaxşı, iti addımla yeridiyiniz zaman bir-iki dəfə dayanıb ətrafa baxmağınız necə? Əvvəllər sizin belə etdiyinizi görməmişdim!

– Dayanmışdım? – guya təəccübləndim.

– Azından, iki dəfə.

– Adətən, dayanmıram! Düzü, cavabsızam, bilmirəm, niyə dayanmışdım.

– Deduktiv metodlarla hesablasaq, heç də çətinlik çəkmərik, taparıq səbəbini! – dedi zarafatla. – Xüsusən də, tez-tez boylanmağınızı nəzərə alaraq!

Roza susdu. Ona baxırdım. İlk baxışda, az qala yeniyetmə təəssüratı bağışlasayırdı. Yaxşı fiziki formada olması onun neçə yaşı olmasını anlamağa imkan vermirdi. 20 də demək olardı, 30 da. Bəlkə də, bir az da çox. Göy səmanı xatırladan gözləri, nazik dodaqları, zərif üzünə yaraşıq verirdilər. Balaca burunu vardı, həddindən çox balaca. Əgər, Rozada eyib gəzmək istəsəydik, burnunun balacalığını qoymaq olardı ortaya.

– Riyaziyyatçılar öz dəqiqlikləri ilə nəyisə gizlətmək şansı vermirlər meydanda olana. Yəqin, müəlliməsiniz!

– Elə də demək olar. İnstitutda işləyirəm, amma, müəllimə deyiləm. Fizika-riyaziyyat üzrə iş aparıram.

Beləcə, bir saatdan çox oturduq parkda. Artıq, tanışlığımız lap köhnə dostların tanışlığını xatırladırdı.

– Çıxıb getmək arzusu ilə yaşayıram, – dedi Roza. – Nə vaxt ki, oluram Moskvada, Minskdə, qayıtmaq istəmirəm. Amma, neynəyəsən, ev-eşik, işim-gücüm! Onsuz da gedəcəm. Ən böyük arzum və niyyətim budur, müdafiə olum, gedəcəm. Dəyişəcəm institumu. Oradaca rəfiqəm işləyir, kömək edəcək, danışmışıq hər şeyi.

– Əlbətdə, böyük şəhərlərdə gün-güzaran qurmaq, qabağa getmək imkanı da çoxdur.

– Bir halda ki, oğlum da orada oxuyur. Ümid edir ki, gələcəm, birgə yaşayacağıq. – Rozə mövzunu dəyişdi.

– Gündə bura gəlib bir neçə km keçməyə sizdə ciddi sədəb var, ya, elə-belə?

– Roza, ola bilər, bir-birimizi riyazi dillə desək, “cəm şəklində” görməyək, “sən”lə danışaq?

– Hə, nə olar!

– İlk növbədə oturaq işim olduğu üçün, və əlbəttə, belə işin nəticəsini aradan qaldırmaq üçün.

İşim-sənətim barədə danışdım. Nə qədər mənə yüngül idi Roza ilə söhbət etmək, soruşmaq, cavab vermək. Sanki, onu yüz il idi tanıyırdım…

O gündən Roza ilə, demək olar ki, az qala hər gün görüşürdük. Yavaş-yavaş dostluğumuzun statusu böyüyüb elə həddə çatdı ki, görüşməyimiz qanuna çevrildi. Artıq, istədiyimiz yerə vədələşirdik. Görüş vaxtlarımızı intizarla, bəlkə də həyacanla gözləyirdik, – desəm, yəqin səhv etmətəm. Artıq, dostluq-tanışlıq münasibətlərimizin öz adiliyini itirdiyini, böyüyərək gözəl, həm də, bir-birini tamamlayan hisslər müstəvisinə köç elədiyini hər ikimiz gözəl başa düşürdük. İki yaşlı insanın reallığa münasibəti cavanlığın şıltaqlığından yüksəklərdə dayanmışdı. Hər ikimiz gəncliyin şirin naz-qəmzəli çağını çoxdan arxada qoymuşduq və sərbəst, real həyatımızı yaşayırdıq.

Bəzən Rozanı işindən evinə də aparası olurdum. Çox vaxt tək olmurdu, gözəl boy-buxunlu, uzun saçları olan bir rəfiqəsi qonşuluqda yaşadığı üçün işdən birgə çıxırdılar. Həmişə də mübahisə edirdilər. Mənə elə gəlirdi ki, Rozanın bu rəfiqəsi bizim Roza ilə bir yerdə olmağımıza, tənha qalmağımıza hər vasitə ilə mane olmağa çalışırdı. Bir dəfə, axşam gəzintisində onun kimliyi barədə soruşdum.

– Kрасивая стерва – gözəl …zibil – dedi Roza. – Elə gözəlliyin qabağında xasiyyəti çox pisdir.

– Rəfiqənin gözəlliyini xüsusi vurğuladın. Düşünmürəm ki, sən həsəd aparırsan ona!

– Əlbətdə yox! Mənim ona həsəd aparmağıma səbəb yoxdur. Nə isə… Bəzən, çox gözəl olanlara yazığım gəlir!

– Başa düşmürəm sözlərini! Niyə, nə səbəbə?

– Heyf, indi qaranlıqdır. Yoxsa, qocaları göstərərdim sənə, misal üçün. Bax hansısa bir qocaya, qarıya. Üz-gözlərinə nəzər sal. Bəzilərinin qaşı-gözü üzünün qat-qat qırışlarının içində itib. Kim bilir, bəlkə bu qarı cavanlıqda ən gözəl qadın olub. Amma, elə qoca görmək olar ki, üz-gözü-bədəni heç də bu qədər pis günə düşməyib. Demək, qocalıq hamıya yaraşmır. O gözəlliyi, gümrahlığı saxlamağa nəsə başqa şey gərəkdir.

– Məni qorxutma qocalıqla, Roza!

– Sən qocalmayacaqsan, sən həmişə belə cavan olacaqsan! – dedi Roza.

Axşam gəzintisi üçün yeganə yer olan şəhər bələdiyyəsinin qabağındakı meydan yavaş-yavaş boşaldı. Biz də ayağa durduq.

Küçə fanarlarının qaranlıqları yaran işığında Roza cazibədar görünürdü. Gözəl bədən forması, dik duran sinəsi bu yarımqaranlıqda tunc heykəli xatırladırdı. Mən onun hərdən uşaq tək söylədiyi boşboğazlıqlara maraqla qulaq asaraq düşünürdüm.

Nə qədər fərqli idi həyatlarımız, həyata baxışlarımız! Çox vaxt hər deyilən sözdə məna axtarmışam, səbəbini anlamaq istəmişəm. Sürüşkən buzun qorxulu olduğunu bilə-bilə çıxmışam buzun üstünə, yıxılmışam. Yıxılanda sözümü, iradımı buza, qışa, bəxtə, nə bilim nəyə dediyim anlarım çox olub. Keyfim olmayıbsa gülməyi bacarmamışam. Roza isə belə deyildi. Hər şeyi reallıqla, uşaq sadəlöhvlüyü ilə, yalan və məkrdən uzaq formada qəbul edə bilməsi, bu reallıqlardan lazımınca pozitivlik tapma bacarığı nə qədər xoş idi! Bu insan xoşbəxtliyin müvəqqətiliyini, axarlığını qəbul etmirdi. Mümkün olanlardan sevinmək şansı tapmağı bacarırdı Roza.

Qoluma girdi.

– Daha qaranlıqdır. Əgər kimlər tərəfindən tanına biləcəyimiz qorxun varsa, artıq qorxu yoxdur.

Sağ böyrüm od tutub yanırdı. Sözlə ifadə edə bilməyəcəyim sirli və incə bir hiss bürümüşdü bədənimi. Qucaqlamaq, sinəmə sıxmaq kimi dəli arzular oynayırdı başımda. Amma, olmazdı, tez idi. Az-çox xasiyyətini başa düşmüşdüm, tələsmək, artıq hərəkət etmək onu incidə bilərdi. Məntiqi sonluq onsuz da yolumuzun üstündəydi. Haradasa intizarla bu məntiqi sonluq bizi gözləyirdi, salamlamaq üçün.

3-cü hissə

Bir aydan çox keçmişdi tanış olduğumuz gündən. Növbəti dəfə onu evlərinə gətirmişdim. Yerdən ikinci mərtəbədə yerləşən mənzilini göstərsə də, içəri girməmişdim. Neçə vaxt idi bəhanə gəzirdim ki, mənzildə olum. Və təsadüf mənə yetirdi bu imkanı.

Binanın girəcəyinin qarşısında Roza maşından düşdü. İlk addımı atmaq istəyirdi ki, “ax, vay!” deyərək maşına söykəndi.

– Dayan, – dedi mənə, – deyəsən, gözləməli olacaqsan. Ayağım yaman büdrədi, pis ağrı var. Ayaqqabının dabanı qopdu.

Yaxınlaşıb qolundan tutdum. Bir-iki dəqiqə keçdi. Deyəsən, ağrı keçmirdi.

– Roza, ağrı güclüdürsə iş uzana bilər. Burada ayaq üstə nə qədər duracağıq?

– Bəs, nə edək? Yerimək çətindir, 5-6 dəqiqə dayanmaq lazımdır.

– İki yolumuz var: ya, oturaq maşına, ya da ki…

– “Ya da ki” – nə?

– Ya da ki, bax belə! – sınmış dabanı qoydum cibimə, Rozanı aldım qucağıma, cumdum binanın girişinə. İlk əvvəl, Roza qıçlarını etiraz əlaməti tək oynatsa da, bir an keçməmiş qollarını keçirtdi boynuma. Birinci mərtəbəni keçmişdik ki, daha dözə bilmədim. Dodaqları düz çənəmin altında durduqlarından, özümü unutmuşdum. 3-4 sm məsafə! Yapışdım onlara. Necə də şirin idi Rozanın dodaqları. Məst olmuşdum. Beləcə, ikinci mərtəbədə, mənzilin qabağında bu vəziyyətdə nə qədər dayanmışdıq, bilmirəm! Handan-hana, Rozaya çatdı ki, içəri girməmişik.

– Ay mənim ağılsızım, yerə qoy məni, qapını açım! – dedi.

– Yox, elə beləcə aç! – dedim və yenə yapışdım dodaqlarına.

Qucağımda eşələnib, sumkasından açarı çıxartdı. Elə bu vəziyyətdə də qapını açdı. İçəri girdik. Qapını ayağımla itələyib bağladım. Roza çantasını hansısa kresloya vızıldatdı, zalı keçib girdik otağına…

…Uzanmışdıq. Roza başını sinəmə qoyaraq, danışırdı.

– Axır ki, arzuna çatdın! Doğrusunu de, bu istəyin çoxdanmı yaranmışdı?

– İlk dəfə səsini eşitdiyim saniyədən, hələ gözəl üzünü görməmişdim də, heç!

– Yalançı! – dedi, – düzünü bilmək istəsən, mən səndən addım atacağını çoxdan gözləyirdim. Keçən həftə supermarketdə yerə dağılmış boyağın yaratdığı göldən məni keçirdəndə! Boynundan asılmışdım. Düşünürdüm, öpəcəksən, dodaqlarımı hazırlamışdım. Öpmədin!

– Yəqin, məni “fərsiz” adlandırdın ürəyində!

– Əsla yox! Qalantlılığına qiymət verdim. Amma, hərəkət etsəydin, etirazım güclü olmayacaqdı.

– Etirazının olmayacağını indi başa düşdüm. İtirdiklərimizin əvəzini çıxmaq lazımdır! – deyərək, sinəmə sıxdım.

– Düşündüm ki, bu günün limiti qurtarıb!

– Səhv düşünmək hamıda olur!..

O gündən beynimin içində sanki böyük dəyişiliklər olmuşdu, indinin dili ilə desək, reforma baş vermişdi düşüncələrimdə. Nə etsəydim, hara baxsaydım, Rozanı görərdim. Nəsə düşünsəydim, fikrimin sonunda O gəlib dayanardı. Nə olmuşdu mənə? Bəlkə, qadın tanışlarım az olmuşdu? Nə gizlədim, günah da olsa, boynuma almalıyam ki, son 20-25 ildə bir neçə qadın tanışlarım olub. Ağıllısı da, gözəli də, çirkini də. Amma, ürəyimdə belə yer tutan olubmu, yəqin ki, yox. Rozanın fərqi nə idi başqalarından? Gözəl, qıvraq bədənimi? Ətraf mühiti, cünün suetasını unutdura bilən şənliyimi, sadəliyimi? – Bilmirəm! Onu dəqiq anlayırdım ki, Roza ömrümün, düşüncələrimin ən vacib aparıcı amilləri sırasında yer tutub özünə.

…İki gün sonra, Roza işdən çıxanda mənə piyada birgə getməyimizi təklif etdi.

– Bu küçələri piyada nə vaxt keçmisən?

– Bilmirəm, yəqin son 3-4 ildə heç vaxt.

– Gedək onda piyada.

Xeyli dəyişiliklər olubmuş bu kücələrdə. Suetalarda yaşamaq, işə tələsmək, işdən evə, nə bilim – harasa! Ömürü, illəri beləcə yola veririk. “Şərq mətbəxi” yazılmış kafelərin birinin qabağından keçəndə təklif etdim:

– Yeməyə həvəsin varsa, girək kafeyə.

– Kafeyə? Hə, gedək. – Roza razılaşdı.

İçəridə tündlük idi. Görünürdü, hansısa ziyafət keçirilir. 3-4 stolu yaxınlaşdırmışdılar. Səsli-küylü bir dəstə yeyib içirdilər. Roza: “Gəl, çıxaq buradan!” – desə də, bir küncdə yer tapıb oturduq. Yemək sifariş etdik.

– Qorxmursan belə şəraitdən? – Roza yeyib-içən dəstəyə işarə ilə sual etdi.

– Yox, niyə qorxasıyam? – dedim.

– Mənsə qorxuram. Belə dəstələri görəndə narahatçılıq məni tutur. Amma, bir halda ki, sən arxayınsan, mən də sakitəm. Ümumiyyətlə, sən nədən çəkinirsən, qorxursan hyatda?

– Mənim bu günləri ən böyük qorxum sənsən, Roza. Səndən qorxuram. – dedim olduqca sakit və inandırıcı tonla.

– Məndən? Niyə, nə səbəbə?

– Səndən çox xoşum gəlir, daha doğrusu, düşünürəm ki, sənə həddindən artıq vurulmuşam. Sən də hiss edirsən sənə bağlılığımı. Amma, nə olsun? Nə qədər yollarımda maneələr durub! Evliyəm, səndən xeyli yaşlıyam, bu gün sabah 56-m olacaq. Bir də ki, necə olsa da, bir gün vaxt gələcək, sən gedəcəksən buradan. …Mənə sənsizlik ağır olacaq!

– Elə demə, əzizim mənim, xahiş edirəm!.. Hələ ki, yaşayırıq… Nə bilmək olar? – dedi Roza.

4-cü hissə

Bir neçə dəfə Roza ilə, onun “bağ evi” adlandırdığı köhnə evlərinə getmişdik. “Bağ evi” formal ad idi. Əslində, ev əsil kənd evi idi. Şəhərdən çox aralı olmasa da, kənd öz tənəzzül dövrünü yaşayırdı. Evlərin çoxu, o cümlədən Rozanın ata evi yalnız yay dövrü şənlənərdi. Bəzi evlərsə, tam sahibsiz qalmışdı. Rozanın “bağ evi” adlandırdığı ev 2 otaqlı idi + mətbəx, ortada isə böyük “rus peçi”. Qonşu evlər sahibsiz qaldıqları üçün yaramaz vəziyyətə düşmüşdülər. Bu ev isə, hərdən baş çəkildiyi, əl gəzdirildiyi üçün yaşamağa hələ yararlı idi. Əkilib becərən olmadığı üçün evin ətrafında cavan beryoza meşəliyi yaranmışdı. Qabaqda kiçik, güllü-çiçəkli, üzü yoxuşa gedən tala durmuşdu. Tala sonu dərin dərəni xatırladan diklə qurtarırdı. Dikin ətəyində isə kiçicik bir çay axırdı. Xoşum gəlirdi hərdən bu dikin başında dayanıb aşağılarda göz işlədikcə uzanan, haradasa uzaqlarda üfüqlərlə birləşən tayqaya baxmağa.

Müəssisəmizin kəndlərdə həmişə uzun müddətli müəyyən işləri olduğundan, həmişə imkan yaranırdı arxaya qayıdanda, lazım olan anlarda bu evə baş çəkməyə. Bunu Roza da bilirdi. Növbəti dəfə kəndlərə 3-4 günlük iş dalınca gedəsi oldum. Danışdıq ki, iki gündən sonra görüşək. Mən rayondan birbaşa bağ evinə gələcəm. Roza artıq orada olacaq. Həmin gün, axşam düşəndə artıq oradaydım. Köhnə və ağır darvaza qapısı yarım açıq idi. Arxadan səs eşitdim:

– Deyəsən, ocaq qalaya bilməyəcəyik. Bu dəqiqə leysan yağacaq. – Roza əlində suyla dolu vedrəylə arxamda dayanmışdı. Qucaqlaşıb görüşdük.

– Bəlkə çatdım yağışacan. Kömür tez yanır. Vaxt itirməyək!

O dəqiqə işə başladım. Ocaq on dəqiqəyə alova büründü. Yarım saat keçdi, şişlərimiz manqalın üstündəydi. Amma, işi tam axıracan çatdıra bilmədik. Qəfil başlayan gur yağış bizə şişləri yığışdırmağa məcbur etdi. “Qaynar olan çiy ola bilməz!” – dedi Roza. Amma, bir-iki tikəni nəzərə almasaq, kababımız heç də pis alınmamışdı. Bir saatdan artıq davam etdi yağış.

Pəncərələrə, evin köhnə damına çırpılan, yaxınlıqda bitən beryozaların pıçıltılı səsini öz səsinə qatan leysanın yaratdığı gurultuların müşaiyəti altında yeməyimizi sona çatdırdıq.

Yağış qurtarmış, gecə qaranlığı çökmüşdü. Roza balkonun məhəccərinə dırmaşaraq oturmuşdu.

– Görəsən o necə rəngdir? – asimana işarə edərək, dedi.

Göyə baxdım. Qara buludlar yox olmuşdular. Səmanı ağ, seyrək buludlar tutmuşdu. Bəzi yerlərdə ulduzlar görünürdü. Ayın ətrafını isə mavi rəngli bulud topaları zəbt etmişdilər. Aya baxdıqca adamın gözləri axırdı. Sanki hərəkət edən buludlar yox, Ay özü idi. Yumşaq bir sürətlə sonu görünməyən səma boşluğuna üz tutan ay, sanki ulduzlarla yüksəkliklərə qalxmaq uğrunda yarışa girmişdi. Uşaqlıqda xoşum gələrdi belə baxmağa Aya. Dağların başında Ay yaxın görünürdü. Bir neçə saniyə göz ayırmadan baxardım, ayılardım o vaxt ki, yer “ayağımın altından gedir”, başım fırlanır.

– Bu gözəlliyə isti gecə küləyinin gücü ilə yaranan yrpaqların həzin pıçıltısını əlavə etsək, cənnətin olmağına şübhə qalmır! – dedi Roza.

– Mənə qalsa, cənnətin varlığını təsdiq edən arqumentlərin başında mənim gözəl Rozamın mənim yanımda olmağıdır! – deyərək, arxadan qucaqladım. Başını arxaya çevirdi, gündüz səmasına oxşayan sevinc dolu göy gözlərini mənə zillədi:

– Mən bunları bilirəm. Deməsən də hiss edirəm. Bir neçə ay müddətinə belə münasibətin yaranmağı nə deməkdir? Mən də səni sevirəm! Sevirəm bütün varlığımla, ürəyimlə, bədənimin bütün hüceyrələri ilə! Həyatımın, düşüncəmin tərkib hissəsi sənsən, sən! Əzizim!

Mən heç vaxt unutmayacağam Rozanın bu sözlərini, daha doğrusu, hansı incəliklə dediyini. Bir-birimizə sarılmış vəziyyətdə qaldıq. Nə qədər – bilmirəm. Ürəyin qapısı olsaydı, yəqin, o qapını açıb, Rozanı salardım ürəyimin içinə.

Həzin səslə zümzüməyə keçdi:

“-Bizi seçirlər, biz seçirik,

Bəzənsə gecikirik…”

– …Mən heç vaxt taleyimdən qaçmağa çalışmamışam, – yataqda böyrümə qısılaraq, Roza danışırdı, – səni də qismətimə düşən, taleyimə yazılan yazı sayıram. Bilirəm, sənin həyatını ikiləmişəm, bölmüşəm tən. Hiss edirəm mənim payıma düşən hissə, ən azından, sənə məxsus dünyanın yarısıdır. Günah edirəm! Amma, əzizim, mənə bəxş etdiyin o yarı dünyanı qaytarmağa hazıram. Mənə çox lazım deyil. Ürəyinin bir küncündə balaca bir yer ayır mənim üçün. O balaca hissənin sahibəsi qoy mən olum. Mənə bəsdir, bununla mən xoşbəxtəm!

Böyük ehtirasla qucağıma sıxdım. Uzun-uzadı şirin dodaqlarını öpdüm.

–Mən səni necə var, eləcə də, ailəli bir insan tək sevirəm! Mən səninlə özümü xoşbəxt hiss edirəm. Bununla birlikdə, sənin ailəli olduğun status mənim üçün müqəddəsdir! -deyirdi Roza.

Ürəyimdə Rozayla bağlı fərəh, təşəkkür hissləri bir-birinə qarışmışdı. Bununla yanaşı, az qala həsəd edirdim Rozaya. Necə də asan idi Rozaya özünü xoşbəxt hiss etmək! Biz birlikdə nə etsəydik, hara getsəydik, yağışa düşsəydik, soyuqlarda dursaydıq Roza oradan yalnız pozitiv anları tapıb çıxarardı qabağa. Onun hər görüşümüzə, birgə addımımıza arxalanan sevinci məni də sevindirirdi. Onun “mən xoşbəxtəm səninlə!”– deməyi mənim öz xoşbəxtliyimin dəyərini iki qat artırırdı. Demək, mən ailəli, yaşı 50-ni keçmiş bir insan məndən asılı olmayan bir kənar kimsəyə xoşbəxtlik gətirə bilərmişəm!

Alman yazıçısı E. Remarkın məşhur tezisinin doğruluğunu sübut etmişdi Roza: “Məntiqlə düşünmək doğrudur, amma məntiqlə yaşamaq doğru deyil” …

… Mən oyananda saat on olardı. Tez oyanmağa adət etmiş olsam da, səhərə yaxın yatdığımız üçün gec durdum. Roza yatırdı. Onu oyatmamaq üçün ehtiyatla durdum, paltarı götürüb çıxdım eyvana. Günəş çoxdan çıxmışdı. Üz tutdum evin qabağında, 40-50 metrlikdə olan talaya. Qonşu evlər çoxdan boş qalmışdı, heç kim yaşamırdı. Ona görə də, ətrafda sükutu yalnız quşların mahnıları pozurdu. Üstündə oturmaq üçün evdən götürdüyüm köhnə paltonu yerə saldım. Bir xeyli talanın dikində oturub quşlara qulaq asdım, göz işlədikcə aşağılarda uzanan tayqa meşəliyinə baxdım.

Evdən səs gəldi. Roza oyanmışdı. Telefonu qoşmuşdu, musiqi səsi gəlirdi. Bir azdan musiqi kəsildi.

Yarımçılpaq halda eyvandan bayıra çıxaraq, yüngüllüklə yerə atıldı. Saçlarına qızılı rəng verən günəş şüaları altında şehli otları tapdalayaraq, az qala, uşaq tək atıla-atıla mənə tərəf, çəmənliyə qaçdı. Axşamkı gur yağışdan hələ də qurumayan torpaq onun yalın ayaqları üçün yumşaq bir xalçaya çevrilmişdi. Hündür şehli otlar sanki, sevinclə özlərini Rozanın yarımçılpaq bədəninə sürtərək çiçəklərini bu gözəlliyə hədiyyə kimi, qıçlarına, qarnına yapışdırırdı.

Şehli talanı ceyran cəldliyi ilə keçərək, oturduğum dikdə mənimlə üzbəüz diz üstə çökdü. Keçirdiyi anların xoşbəxtliyi bu hisslərin təsirindən cəhrayı rəngə çalan yanaqlarında oynayırdı. Gözləri sevgi və sevinc hissləri ilə parıldayırdı.

Nəsə demək istədim.

– Hələ heç nə demə. Qoy, insan səsi mane olmasın bu gözəlliyə…

Dodaqları ilə mane oldu danışmağıma…

Bir an keçdi, quşların mahnı sədaları ilə müşaiyət olunan öpmək prosesi sona çatdı.

– Belə getsə, buradan getmək çətin olacaq! Gözəl təbiət – quşların cəh-cəhi, meşənin həzin səsi, göz işlədikcə uzanan tayqanın şamil etdiyi arxayınçılıq, üstəgəl, qucağıma sığınan çılpaq gözəl! Dünən dediyimiz cənnət bu deyilmi, məgər? – dedim.

– Lazım gələr, qalarıq bu gün də, – dedi Roza, – amma, bir şeyi düz demədin: mən çılpaq yox, yarım çılpaq formadayam.

– Bəlkə, bu qarderob predmetlərini xatırladan iki kiçicik “nəyisə” də çıxarıb atasan bir qırağa, flora və fauna ilə yekdil olmaq üçün?

– Elə bilirsən, soyunmaram?

– Bəlkə, kimsə baxır o tayda, tayqadan?

– Qoy baxsınlar, məndən azalmayacaq ki! Bir də ki, bizim zəmanədə çılpaq bədənlə kimisə təəccübləndirmək çətin məsələdir. Buyur, bu da belə! – Roza tam çılpaq qaldı. – Amma, sən də soyunmalısan!

Boyun qaçırmaq istəsəm də, alınmadı. Roza cumdu üstümə. Başa düşdüm ki, könüllü soyunmasam, cırılacaq, şalvarsız qalacam. Axır, ikimiz də düşdük əcdadımız Adəmlə Həvvanın cənnət bağında düşdükləri formaya. Yerə sərilmiş paltonun üstünə oturduq. Rozanı sıxdım sinəmə.

– Heç olmasa bədənimlə səni gizlədim kənar gözdən!

– Hə, gizlət, əzizim. Qoy quşlar görməsin çılpaq qadını! – dedi Roza.

Qaynar günəş şüaları bizi xumarlandırdıqca bütün dünya, ətraf bizdən uzaqlaşır, yerini məhəbbət adlı varlığa təhvil verirdi. Yalnız quşlar şən cingiltiləri ilə bizim tək olmadığımızı bildirirdilər…

…Oturmuşduq yan-yana. Bir saat qabaqkı geyim formamıza qayıtmışdıq.

– Mən 8-ci sinifdə olanda köçdük buradan. Xoşum gələrdu bu dikin başında oturub uzaqlara baxmağa. Hansısa şeiri deyərdim hündürdən. Səsimi külək uzaqlara aparardı, xəyallarım tək. Qayıda biləydim o ana. Bircə dəqiqəliyiə də olsa! Olaydım həmin o qızcığaz. Atam, anam… – Roza susdu.

Durub sakitcə aralandım. Bir neçə dəqiqəliyə dikin ətəyinə düşdüm. Çayın soyuq suyunda əl-üzümü yudum. Yuxarı qayıdanda Roza hələ də oturub gözlərini sonsuz uzanan tayqaya zilləmişdi. Dodaqaltı nəsə deyirdi. Sakitcə dayanmışdım, istəmirdim mane olam. Roza düşüncələrində həqiqi mənada dönmüşdü 25 il qabağa. Məni tam unutmuşdu. Bir neçə dəqiqə beləcə keçdi. Gözlərindən arabir yaş gilələri yanaqlarına düşür, diyirlənib sinəsi aşağı enirdi. Nədənsə, istəmədim onun ağlamağını. Yaxınlaşıb paltonun bir qırağında oturub:

– 8-ci sinif şagirdi Roza ilə tanış olmaq olarmı? – dedim.

Sanki ayıldı, qucağıma sıxıldı.

– Qaytardın məni oradan! Çox sağ ol, əzizim. Yoxsa hönkürəcəkdim, heç nədən əhvalımız pozulacaqdı…

5-ci hissə

Roza mesaj yazmışdı: “Salam, necəsən?”, demək, zəng etmək lazımdır. Belə şərtləşmişdik çoxdan. Rozanı da, Ruslan adı ilə qeyd etmişdim. Konspirasiya məqsədi ilə.

– Qızılgülümü eşidirəm!

– Gəzintiyə yarım saat qabaq çıxa bilərsən?

– Əlbətdə. Nə olub, xeyir ola?

– Balaca bir tort var. Öz əməyimin məhsuludur. Axşam hazırlamışam, ikimizə həsr olunub. Yarım saat tez çıx, gəl mənim yanıma. Tortu yeyək, sonra gedərik idman normasını verməyə! Kaloriləri xərcləməyə.

– Kaloriləri xərcləməyə başqa variyant da tapa bilərik!

– O səndən asılıdır!

Sadəlik gözəl şeydir…

…Tortu bir saat qabaq yeyib qurtarmışdıq.

– İşimlə əlaqədar zəng etmişdilər. 4 gün sonra elmi şura baxacaq işimə. Sabaha bilet sifariş etmişəm! – arxa tərəfimdə Roza ayaq üstə dayanaraq, boynumu qucaqlamışdı. Çılpaq qollarından öpdüm.

– Dünən heç nə demədin mənə?

– Bu gün zəng ediblər. İndi bildim.

– Özüm aparacağam aeroporta, – dedim,– saat neçədə çıxmalıyıq?

Vaxtı dedi. Uçuş axşam onda idi. 160 km yoldur aeroporta qədər. Biz hava limanına çatanda uçuş vaxtına hələ iki saatdan çox vardı.

– Bəlkə, çıxıb gedəsən? -dedi Roza, – gecə vaxtı 5-6 saat evdə olmamağın sənin üçün hansısa söz-söhbətə səbəb olmaz ki?

– Yox, arxayın ol. Hər şey dinc yolla həll olunacaq. Mənim bu gün evə gec gəlməyimin səbəbi bu olacaq: Mən getmişəm qonşu şəhərə. Yük avtomobilimizi yol polisi saxlayıb, sənədlərdə səhvlik var. Onu qaydaya salanacan bir neçə saat keçir.

– Anadan doğulandan bilirdin yalan danışmağı, yoxsa təzə öyrənmisən? – gülə-gülə zarafat etdi

– Qızılgülümü tapandan sonra.

Yola saldım Rozanı. Gündə zəng edirdi, danışırdıq. Amma, işi barədə nə soruşurdum, “gələrəm, danışarıq!” – deyirdi. Bir neçə gün sonra növbəti zəngində “Sabah gecə filan reys, saat birdə qarşıla!”– dedi. Gecə yarısı orada idim. Reys gəldi.

Gözləmə zalının o başından məni gördü. Əlini yuxarıda yelləyərək, məni gördüyünü və salamladığını bildirdi. Girəcəyin yanında, divara söykənib mənə tərəf gəlməyini seyr edirdim. Gözəl görünürdü. Əlindəki çantası rəngində olan dikdabanları, yaraşıqlı qıçları, belinin nazikliyini xüsusi qeyd edən və çantası rəngində olan enli kəməri. Məgər, bu gözəlliyi qucaqlayıb sinəyə sıxmaqdan özümü saxlaya bilərdimmi!

– Konspirasiya (gizlilik) qanunlarına əməl etməyə çalışsan da, uzaqdan tanımaq olur səni, – dedi. Yəqin,

nədənsə gözlərimə taxdığım qara şüşəli eynəyə işarə edirdi.

– Salam, Roza gülüm! Şadam səni gördüyümə, – dedim. Qucaqlaşdıq. Öpməyə qoymadı.

– Dayan, hövsələn olsun, – dedi.

Çantasından antiseptik salfetkalar çıxartdı. Üzünü-gözünü, dodaqlarını arxayın sildi.

– Bax indi buyura bilərsən, mənim əzizim! Mən sənin ixtiyarında! – dedi və yenidən boynumdan asıldı. Tanış və xoş nərgiz ətiri dodaqların şirinliyinə qarışaraq məni məst etmişdi.

Axır ki, maşına tərəf addımladıq. Qapını açıb, oturmamış, böyük gül dəstəsini arxa oturacaqdan götürüb ona təqdim etdim.

– Oy, necə də gözəldir güllər, əzizim! – deyərək məni qucaqlayıb öpdü.

Aralanıb əlavə etdi:

– Amma, bu güllər əgər elmi işin müdafiəsinə həsr olunubsa, tələsmisən. Müdafiəm qaldı gələn dəfəyə! Özüm sənə demədim telefonda.

– Mən gözəl Rozanı qarşılayıram, elmi dərəcəni yox! Bu buket də başqa bir gülü, Roza gülünü salamlamaq, “xoşgəldin!” demək üçün hazırlanıb.

Razı halda oturdu maşına.

– Bu gün hansı əfsanəni fikirləşmisən evdəkilər üçün?

– Hə, yaxşı yadıma saldın, mənə jurnal gətirdin?

– Əlbətdə! Budur, mənim kağızlarımla bir dəstədə. Qəribə xahiş etmişdin: iki jurnal olsun, fərq etməz adları. Amma, Moskvada dərc olunan olsun!

– Bu iki jurnal bu gecəki aeroport səfərimin izahının əsas süjetidir. Redaksiya göndərib bu jurnalları, mənsə qarşılamalıydım ki, alım onları!

Röza uzun-uzadı güldü bu sözlərimə.

– Ay sizi, kişilər! Nələri düşünə bilirsiniz! Evə qalxan kimi, yazacam kolleksiya dəftərimə. Maraqlıdır, hərdən sənin fantaziyalarını oxumaq.

– Nə qədər yığmısan o dəftərə mənim düşünmə və kəşv etmə qabiliyyətimin sübutlarını?

– Bilmirəm, çoxdur. Rəfiqələrim oxuyurlar. Gülməli alınır. Onların ərlərinin “janrları” bir az başqadır. Əsasən, “balıq tumağa gedirik”, “qarajda işimiz var” kimi nağıllardır.

– Aclığın yoxdur ki? – sual etdim.

– Mən yemək istəmirəm. Sən acsan, yəqin, axşam yeməmisən?

– Mən …acam! – Çiyinlərindən qucaqladım, – daxilimdə ac qurd hökm edir, “Rozanı ye!” – deyir.

– Qoy “ac qurd” evə kimi otursun sakit, qərəzsiz.

Axır, çatdıq şəhərə. Mənzilə birlikdə qalxdıq.

…Ayrılanda saat 6-nı ötmüşdü. Ona azacıq da olsa istirahət lazım idi.

6-cı hissə

Görüşmək istəyirdim, zəng etdim.

– Qızıl gülüm haralardadır? – dedim.

– Həyətdəyəm! Buldozer tək buraları eşirəm!

– Yer əkini yazda olur, bu gün isə ilk qar yağıb. Tələsməmisən ki?

– Məcburi əkindir. Yaxşı olardı, özünü çatdıraydın köməyə! – dedi Roza.

– Bir hadisə baş verməyib ki? – dedim.

– Ciddi bir şey yoxdur. Uzaqdasan?

– Filan küçəylə gəlirəm.

Üç dəqiqə keçməmiş Rozanın yanındaydım. Maşından düşüncə, gülə-gülə dediklərini eşitdim:

– Bax, gülmə mənə! Mənzilin açarını itirmişəm, bir saatdır axtarıram. Kömək edə bilsəydin…

– Əziz gülüm mənim! Haçan görmüsən ki, mən səni görəndə gülmək arzusuna düşüm? Səni görən anda mənim nəbzim çoxalır, sinəmdə ayrı arzular yaranır, səni başqa fonda görməyə çalışıram!

– O hansı fondur, məni görmək istədiyin?

– Təbiətin yaratdığı bəzəksiz, düzəksiz fon. Paltosuz, koftasız fon!

– O fonu yaratmaq çətin deyil. Amma, indi kömək lazımdır. Bax, dayanmışdım burada. Əlimdə də tək açar. Bir qadın və bir kişi xizəkdə oturmuş körpəni qabaqlarında itələyərək, yanımdan ötürdülər. Qırağa çəkildim ki, onlara yol verim. Girdim qarın içinə. Sonra çıxdım qabaqca dayandığım təmizlənmiş yerə. Qayıdanda, artıq, açar əlimdə yox idi.

Qarın qalınlığı 20 sm olardı. Roza hər yeri qatmışdı bir-birinə. Çətin olacaqdı burada açar axtarmaq.

– Onda, belə edək: sən dur burada, qoru bu sahəni. Mən 10 dəqiqəyə gəlirəm.

– Hara gedirsən? Bəs açar?

– Elə gedirəm “açar axtaran” dalıyca! – zarafat etdim. – Sən boş durma. “Mimino”-da sürücü-professorun qışqırdığı kimi qışqır, qoru bu sahəni: “Dost, yaxınlaşma bura! Burada iz var, iz var!” Əlinə də bir kərpic qırığı götür.

İş yerimdə yemək boşqabı enliyində ortası deşik ağır bir maqnit parçası vardı. Bir metrdə nə vardı – çəkirdi özünə tərəf. Onu götürüb gəldim.

Maqnitin kəndirindən tutub sürüklədim bu sahədə o baş-bu başa. Tez-tez qaldırıb təmizləyirdim qardan, zir-zibildən. Beş dəqiqə çəkmədi açar maqnitlə birgə qalxdı yuxarı.

– Sağ ol, əzizim! Qapını sındırmaqdan məni xilas etdin! Ehtiyat açarım var rəfiqəm gildə, onlar da bu saat yoxdurlar evdə. – dedi Roza.

Sonra pıçıltı ilə, “Bax, indi gedək evə. Hansı fonu istəsən, yaradaq! Mən canla-başla!” – dedi.

Axır ki, Roza elmi işi müdafiə edərək, fizika-riyaziyyat üzrə elmlər namizədi oldu. Arzusunun bir pilləsinə çatdı Roza. Sevindirici hal idi. Amma, bu sevindirici hadisənin digər tərəfi də var idi. Bu müdafiə məsələsi həm də o demək idi ki, Rozanın köçüb getmək vaxtı uzaqda deyil. Ona həmin institutda yer verəcəkdilər. Danışıq çoxdan olub. Buna görə də Roza öz yaşadığı mənzilini də iki ilə yaxın idi ki satmışdı. Pulunu alıb, göndərmişdi həmin şəhərdə tikilməkdə olan binaların birində yeni mənzil almaq üçün. Burada isə Rozaya məxsus mənzili satın alan onun iş yoldaşı olduğu üçün Rozaya gedənə qədər yaşamağa icazə vermişdi.

Rozayla keçən gözəl axşamlarımın, günlərimin sayı artdıqca mənim daxili dünyamın, psixoloji vəziyyətimin dəyişdiyini hiss edirdim. İş yoldaşlarım, tanış-bilişlər də son vaxtlar ünvanıma tez-tez “göz dəyməsin, sən elə, hey dəyişirsən!” – deyirdilər. Əvvəllər həmişə fikirli göründüyüm üçün belə sözləri bircə dəfə də eşitmək nəsib olmamışdı. İndi, yəqin, əhvalımın kök olmağı, deyib-gülməyimin çoxalmağı diqqətləri cəlb edirdi. Rozaya bu haqqda zarafatla dedim.

– Onda, variyant kimi deyim: çalış, məni saxla yanında, qoyma gedim buradan! – Gülə-gülə cavab verdi.

Əlbətdə, zarafat da olsa, gözəl təklif idi. Amma, tanışlığımızın birinci günündən Rozanın dilindən düşməyən planlarını, istəklərini yaxşı bilirdim. Olduqca kədərli bir səslə:

– Nə müddətdir, mənzilini də satmısan, kirayə qalırsan. Bu bir, ikincisi, sənin gündə

səsləndirdiyin arzuları hansı həvəslə dilə gətirdiyini bildiyim üçün səni burada qalmağa sövq etmək çətindir mənə! Yox, Roza! – dedim nədənsə. Hansı güclə dedim bu sözləri, Rozanın məndən ayrılıb uzaqlaşmasını? Hərənin bir cür olur axmaqlığı…

– Sağ ol, əzizim! Çətin olacaq sənsiz. Bəlkə də, qayıdıb arxaya, sənin yanına qaçdım! – sözünə ara verərək, gülümsədi. Sıxıldı sinəmə.

– Doğrusu, mən ağlıma gətirmirəm ki, sənin buradan getməyinlə hər şey bitəcək, tükənəcək. Nə olsa da, biz görüşəcəyik! – dedim.

–Belə də olacaq, əzizim! Mənim heç bir şübhəm yoxdur. Axı, tam ayrılığa biz dözə bilmərik və yol vermərik! Nə dərəcədə biri-birimizə bağlılığımızı çox gözəl bilirəm. İki yaşlı və müstəqil həyat tərzi olan insanın aralarında yarada biləcəyi ən gözəl, ən şirin hisslərin, məhəbbətin biz ikimizin aramızda olduğunu gizlətmək mümkünmüdür? İndi, sənin hərəkətin səni mənim üçün daha da qiymətli edir. Axı, başqası olsaydı, məni yüz dillə çalışıb saxlardı yanında.

– Mənim əziz Rozam, bilirsən ki, ürəyimdə, beynimin içində həkk olunubsan. Bilirəm, sonralar nələr düşünəcəm özüm barədə. Amma, sənin arzuların mənim üçün müqəddəsdir, hörmətə layiqdir. Tutaq ki, hansısa arqumentlər tapıldı, səni yolundan eylədim, axı, bir il keçəcək, iki il keçəcək, nə düşünəcəksən mənim barəmdə? Peşimançılıq hissi düşəcək qəlbinə. Mən sənə nələri verə bilərəm burada qalsan? Hətta, hər qadının ön arzusu olan ailə qurmağı belə, mən təklif edə bilmərəm sənə.

– Ailə qurmaq barədə, biz səninlə məsələmizi çoxdan həll etmişik. Mənə ərə getmək lazım olsaydı, indi yüz hoqqadan çıxardım, çalışardım səni yola gətirim. Bax, sualıma cavab ver. Mənim xoşbəxt yaşamağım, sevinməyim kimlərə lazımdır? Üç nəfərə! Birincisi mənim özümə, ikincisi oğluma, üçüncüsü, sənə! Vəssalam! Bu üçlükdən mən öz xoşbəxtliyimlə, bu günkü günümə razıyam, mən xoşbəxtəm! Oğlumu götürək, əgər ondan sual etsək, o deyəcək: “Əziz anam, əgər sən özünü xoşbəxt sayırsansa, mən şadam!” Sonra götürək sənin fikrini. Mənə elə gəlir ki, mənim belə halda “mən xoşbəxtəm!” deməyim ilk növbədə, səni qane etməlidir. Çünki, bu xoşbəxtliyi ikimiz birlikdə qazanmışıq. Kənarların ünvanıma nəsə deyəcəkləri məni narahat etmir. Mən səninlə xoşbəxtəm, bu isə, ən başlıca məsələdir. Bununla yanaşı, biz real baxmalıyıq həyata: mən bilirəm ki, getməliyəm. Və bilirəm: biz görüşəcəyik! İmkan düşəcək, mən gələcəyəm. Sənin də mənim yanıma gəlməyin mümkün olacaq.

Sadə arqumentlərlə gözəl danışmağı bilirdi Roza.

Xoşum gəlməyən, daha doğrusu, az qala mənə “od vuran” bəzi ədəbiyyat qəhrəmanları var ki, heç vaxt onlara oxşamaq istəməzdim. Birisi Qonçarovun “Oblomov” romanında əsil məhəbbəti qiymətləndirə bilməyən, “suya axıdan” Oblomov olub. İkincisi isə, elə həmin yolu təkrar edən Rudin (“Rudin” romanı, İ. Turgenev) olub. Hər ikisi özlərini əsassız filosof sayağı apararaq, saf sevgini, gözəlliyi, dəlicənə sevməyi bacaran qadın ürəyini dəyərincə anlaya bilməyiblər. Bunları düşünüb, “oblomov”çuluq etdiyimdən utandım. “Bəlkə, dilə tutum, heç yerə getməsin?”-düşündüm. İnanırdım ki, yola gətirə bilərəm. Məni nə qədər sevdiyini bilirdim. Bax, elə, ona görə də onun arzularına qəsd etmək istəmirdim. “Qal!” desəydim özümün öz gözümdə, eləcə də əvvəlki sözlərimin qiyməti nə olardı? Bir də, inanırdım ki, bu gediş son deyil.

Roza yenə danışdı:

– Hər gün sənlə görüş vaxtımızı gözləyirdim… Necə də şirin idi gözləmək! Gəncliyimdəki kimi. Gözüm yollarda, ürəyimdə həyacan qarışıq sevinc! Məgər, bu deyilmi xoşbəxtlik? Bu sevincin, fərəhin gücü qarşısında mən günü-gündən gəncləşirdim, bəlkə də uşaqlaşırdım. Gözləyirdim ki, sən təəcüblə mənə: “sən necə də gənc imişsən, Roza!”– deyəcəkdin, – Roza gülərək sözünü qurtardı.

– Sənin od yağdıran, səmaya oxşayan göy gözlərini, günü-gündən çazibə gücünü çoxaldan al yanaqlarını, ballaşan dodaqlarını öpdükcə, od püskürən qaynar vulkanı xatırladan gözəl bədənini hiss etdikcə mən özüm cavanlaşmışam. Mənim bioloji təqvimim öz xronologiyasını gəncliyə istiqamətləndirmişdi. Günü-gündən çicək açan Rozam, səninlə yanaşı təqvim çoxdan öz əhəmiyyətini itirib mənim üçün.

7–ci hissə

Son həftəmiz ağır keçdi desəm, yumşaq alınar. Mənəvi yük, “axı, biz ayrılırıq” fikri tam almışdı bizi əlinə. Demək olar ki, vaxtımızın hər sutkaya 5-6 saatını çıxmaqla, bir yerdə olduq. Sanki gələcəyin, bizi gözləyən ayrılığın əvəzini bəri başdan çıxmaq istəyirdik.

“Xoşbəxtliyimizin son həftəsi!” – adlandırdı Roza son həftəmizi. Tam razı idim bu ifadəylə.

Axır, bu son həftə də sona çatdı.

Budur, hava limanındayıq. Gah ayrılığı reallaşdıran, gah da insanları birləşdirən sirli, şirin bir məkan. Hava limanı – görüş yeri. Hava limanı – ayrılıq məkanı…

– Əzizim, əlvida! – pıçıldadı, arxaya döndü.

– Yaxşı yol, Roza, unutma məni, – sakit səslə desəm də, alınmad. Həyacanımı, qəmli olduğumu gizlədə bilmədim. Roza yaxşıca eşitdi qəmli pıçıltımı.

İki addım atdı, ikicə addım da atsaydı, qeydiyyat xəttinin arxasında olacaqdı. Dayandı. Qayıdıb üstümə cumdu. Göz yaşlarından islanmış dodaqları dodaqlarıma yapışdı. Xeyli beləcə qaldıq.

– Mənə çətin olacaq sənsizlik, əziz Rozam! – dedim.

– Mənə də, əzizim!..

Son dəfə vidalaşaraq əlini yellədi. Uzaqlaşdı, əridi, yox oldu. Həyatıma necə gəlmişdisə, eləcə də getdi. Düşündüm ki, hökmən hər ayda bir iki dəfə gələcəyəm hava limanına. Gələn təyyarələri qarşılayacağam. Birdən möcüzə baş verər…

…Havada kiçik nöqtəyə dönən təyyarənin dalıyca nə qədər baxdığımı deyə bilmərəm. Axır, yadıma düşdü ki, maşına minib evə qayıtmaq lazımdır. “Bəli, nə olar? Getdi Roza, yaxşı yol! Həyatı uğurlu osun! Bu gün üçün qurtardı söhbət!” Özümü sakitləşdirmək üçün: “…Biz hökmən görüçəcəyik” – düşündüm. Yəqin ki, bu sözlərlə ürəyimi, düşüncəmi, şüurumu sakitləşdirmək, reallığa qaytarmaq istəyirdim.

Telefonuma mesaj gəldi: “Əzizim! Sevirəm, sevəcəyəm! Sənə bu sevgim həyatımın sonuna qədər mənimlə olacaq, son nəfəsimə qədər!”

Üz tutdum 300 m aralı saxladığım maşına tərəf. Nədənsə addımlarım çətin atılır. Elə bil, gündə 5-6 km qaçan mən deyiləm. Birdən, mən başa düşdüm yorğunluğumun səbəbini: mən qayıtdım son illərdə unutduğum yaşıma.

Ömrüm, bədənim, şüurum son 5-10 dəqiqə ərzində haradasa, 10-15 il sıçrayış edərək, gəlib qanuni öz 56 yaşımın üstündə dayandı. Yarım saat qabaq, dünən, bir il qabaq mən ilişib qalmışdım gözəl gəncliyin son mərhələsini xatırladan bir dövrdə, uzağı, 35-40 yaşlı idim, Roza ilə həmyaşıd idim. Hətta, bəzən ikimiz də, daha da arxaya qayıdırdıq, 20-25 yaşa! Daha qayıda bilməyəcəm o yaşıma. Təkrar olunmayacaq o qayıdış! Artıq, 56 yaş yenə tutdu yaxamdan, bir daha buraxan deyil.

Bunu dəqiq başa düşdüm.

Gecə qaranlığında yanan saysız hesabsız yol fənərlərinin işığı ətrafa xüsusi gözəllik versə də, görmürəm bu gözəlliyi. Yeridikcə, çevrilib arxaya baxıram, ilk dəfə parkda Pozanı axtardığım gün kimi. Ürəyim şüurumun düşünmədiyi ümüdlərlə pıçıldayır: “Bəlkə minməyib Roza təyyarəyə, bəlkə, arxamca gəlir Roza?!” Sonra başımı qaldırıb göyləri çil-çırağa döndərən ulduzlara baxıram.

Haradasa, oralarda balaca bir nöqtə var, saatda 1000 km məndən əks tərəfə hərəkət edən, Rozanı məndən uzaqlaşdıran nöqtə…


Оглавление

  • 3-cü hissə
  • 4-cü hissə
  • 5-ci hissə
  • 6-cı hissə
  • 7–ci hissə